Fevralın 11-də Abşeron Olimpiya İdman Kompleksində start götürmüş sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan birinciliyinə yekun vurulub. Yarışın sonuncu günlərində yunan-Roma güləşçiləri mübarizə aparıblar.

“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri ölkə birinciliyinin 8 medalına (3 qızıl, 3 gümüş, 2 bürünc) sahib olublar.Pəhləvanlarımızdan Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq) və Cavad Məmmədov (77 kq) rəqib tanımayaraq çempionluq zirvəsinə yüksəliblər. Yalnız həlledici görüşdə məğlub olan Xalid Ələsgərov (55 kq), Məhəmməd Qasımzadə (63 kq) və Kamran Rəcəbli (72 kq) gümüş, Elmir Sərxanovla (82 kq) Mahir Qurbanlı (97 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, “Neftçi” İdman Klubu ümumkomanda hesabında 23-cü dəfə çempionatın qalibi olub.

Xatırladaq ki, “Neftçi” İdman Klubunun sərbəst güləşçiləri də respublika birinciliyində 20 medalla (8 qızıl, 2 gümüş, 10 bürünc) ümumkomanda hesabında birinci yeri tutublar.