“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar. Pəhləvanlarımızdan Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabıyla məğlub olaraq qitə birinciliyini gümüş medalla başa vurub. Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Xasay Həsənli (77 kq) isə üçüncü yer uğrunda görüşdə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medala yiyələnib.

Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçilərindən Günay Qurbanova və Elnurə Məmmədova Avropa çempionu olublar. Əsmər Cankurtaran (50 kq) isə yarışı bürünc medalla başa vurub. Sərbəst güləşçilərimizdən Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) gümüş, Murad Haqverdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıblar.