Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşadək (U-18) yeniyetmə cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyi sona yetib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində gerçəkləşən yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Üç gün davam edən turnirdə Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 798 cüdoçu medallar uğrunda mübarizə aparıb.

“Neftçi” İdman Klubunun təmsilçiləri paytaxt birinciliyini 5 medalla başa vurublar. İdmançılarımızdan Məhəmməd Rüstəmli yalnız final qaşılaşmasında məğlub olub və gümüş medal qazanıb. Elgün Şirəlizadə (81 kq), Xədicə Yaqublu (44 kq), Ayan Əliyeva (63 kq) və İlahə Əzizzadə (70 kq) isə bürünc medala layiq görülüblər.