Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Gəncləri Gününə həsr olunmuş kunq-fu üzrə Xəzər rayon turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Çin Döyüş Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən yarışda 24 komandadan 280 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubu turnirə 9 yetirməsi ilə qatılıb. Təmsilçilərimiz yarışı 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. İdmançılarımızdan Eldar Abıyev (33 kq), Sənan İsgəndərov (39 kq), Əbülfəz Yaqubov (60 kq) və Fərman Rzayev (70 kq) bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıblar. Rəsul Cəbiyev (52 kq) ikinci, Nicat Tağıyev (48 kq) isə üçüncü yeri tutub.