Rusiya İdman Nazirliyi və Moskva şəhəri İdman Departamentinin dəstəyilə “Əmək ehtiyatları” Ümumrusiya bədən tərbiyə-idman birliyi tərəfindən keçirilən Birinci Dünya Korporativ İdman Oyunlarına yekun vurulub.
Yarışın son günündə SOCAR komandasının üzvü, stolüstü tennisçi Svetlana Kayumova mübarizəyə qoşulub. Təmsilçimiz qadınlar arasında təşkil olunan fərdi yarışda 45-dən yuxarı yaş kateqoriyasında gümüş medal qazanıb. O, bu idman növünün qarışıq komanda yarışında da eyni uğura imza atıb. Belə ki, Svetlana Kayumova (SOCAR) və Əli Bayramovdan (FHN) ibarət cütlük fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Xatırladaq ki, daha əvvəl qadın voleybolçulardan ibarət SOCAR komandası turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü ildə keçirilmiş dövlət qurumlarının əməkdaşları arasında voleybol və stolüstü tennis yarışlarında SOCAR-ın müvafiq qadın komandalarının birinci yeri tutduqları nəzərə alınaraq, sözügedən beynəlxalq tədbirin proqramına daxil olan bu idman növləri üzrə yarışda ölkəmizi təmsil etmək bu komandalara etimad edilib.