Bu gün “Şüa” İdman-Sağlamlıq Kompleksində dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis üzrə yarış keçirilib.
SOCAR komandası qadınlar və kişilər arasında tam heyətlə təmsil olunub. Kişilərin mübarizəsində Neft Kəmərləri İdarəsinin Şirvanlı İxrac Neft Təhvili sahəsinin əməkdaşları Rəşadət Qazıbəyov və Rauf Laçınov qrup mərhələsində liderliyə yüksəlsələr də, pley-off mərhələsində daha güclü rəqiblərinə məğlub olublar.
Qadınlar arasında təşkil olunan yarışda Heydər Əliyev adına Neft Emalı Zavodunun əməkdaşı Svetlana Kayumova həm qrup, həm də final mərhələsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin əməkdaşı Nərgiz Daşdəmirova isə üçüncü yeri tutub.