Bu gün dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 20 dövlət qurumundan 57 iştirakçı (19 qadın, 38 kişi) mübarizə aparıb.

Yekun nəticələrə görə, qadınlar arasında SOCAR-ın əməkdaşı İlahə Hacıyeva (“SOCAR Polymer”) 15 hədəfdən 13-nü dəqiq nişan alaraq yarışın qalibi adını qazanıb.

Kişilərin mübarizəsində ötən ilin sentyabr ayında keçirilmiş analoji yarışın iki bürünc medalını (şəxsi və komanda) qazanmış, 44 günlük Vətən müharibəsinin iştirakçısı, SOCAR-ın əməkdaşı Elşən Lalayev (“Azneft” İB-nin “Abşeronneft” NQÇİ) bu dəfə 13 xalla finala yüksəlib və burada qalibdən cəmi 1 xal geri qalaraq (5:6) ikinci yeri tutub və yarışın gümüş medalına layiq görülüb.

SOCAR-ı təmsil etmiş Təhkükəsizlik İdarəsinin əməkdaşları Elməddin Hüseynov 11 xal və Murad Hüseynov 10 xal toplayaraq müvafiq olaraq 5-6-cı və 7-10-cu yerləri bölüşdürüblər.