Bu gün İçərişəhərdə dövlət qurumlarının əməkdaşları arasında nərd üzrə yarış keçirilib. Turnirdə 21 qurumdan 48 iştirakçı (8 qadın, 40 kişi) mübarizə aparıb.
SOCAR komandası yarışda tam heyətlə iştirak edib (2 kişi, 2 qadın). Təmsilçilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 gümüş medala sahib olublar.
Sosial İnkişaf İdarəsinin İdman Zalı Kompleksinin təlimatçı-metodisti Samirə Cəfərova ilk oyunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsinə 3:2, yarımfinalda isə Mədəniyyət Nazirliyinin təmsilçisinə eyni hesabla qalib gələrək finala yüksəlib.Heydər Əliyev adına Neft Emalı Zavodunun əməkdaşı Sevda Əzizova ilk oyunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşını 4:2, yarımfinalda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsini 3:0 hesabı ilə məğlub edərək qadınlar arasında yarışın ikinci finalçısı olub. Belədə finalda SOCAR-ın iki əməkdaşı üz-üzə gəlib. Bu qarşılaşmada Samirə Cəfərova 3:2 hesabı ilə qalib gəlib və yarışın qalibi olub. Beləliklə, SOCAR komandası turnirdə 1 qızıl və 1 gümüş medal qazanaraq ümumkomanda hesabında da yarışın qalibi olub.