
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə yekun vurulub.
Yarışın finalında SOCAR komandası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin kollektivi üz-üzə gəlib. Bakı Tennis Akademiyasında baş tutan və çox gərgin mübarizə şəraitində keçən qarşılaşmada SOCAR komandası rəqibini 1:0 hesabı ilə məğlubiyyətə uğradıb və turnirin qalibi olub. Oyunda vurulan yeganə qola Rəhman İsrafilov imza atıb.
Xatırladaq ki, təmsilçimiz turnirin əvvəlindən axırına qədər məğlubiyyət tanımayıb və bütün oyunları qələbə ilə başa vurub.
Qeyd edək ki, yarışda 40 komanda hərəsində 10-u olmaqla 4 qrupda mübarizə aparıb.
Onu da əlavə edək ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınan Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.













