Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında müxtəlif idman növləri üzrə ilboyu keçirilmiş yarışlarda fərqlənən dövlət qurumları təltif ediliblər.
Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov yarışlarda fəal iştiraka görə bütün dövlət qurumlarına təşəkkür edib və ilk üç yeri tutan qurumlara xüsusi kubokları təqdim edib.
Əməkdaşları ilboyu keçirilən bütün turnirlərdə inamla çıxış edən SOCAR dövlət qurumları arasında ikinci yeri tutub.
Kubok SOCAR-ın aparat rəhbəri, “Neftçi” İdman Klubu İdarə Heyətinin sədri Hafiz Zeynalova təqdim olunub.
Xatırladaq ki, SOCAR-ın əməkdaşları il ərzində 12 idman növündə 21 yarışda 58 medala (14 qızıl, 18 gümüş, 26 bürünc) sahib olublar.
Qeyd edək ki, dövlət qurumlarının əməkdaşları il ərzində 19 idman növündə – minifutbol, üzgüçülük, bilyard, stolüstü tennis, voleybol, nərd, atletika, idman dırmanması, basketbol, qolf, şahmat, avarçəkmə, kamandan oxatma, badminton, atıcılıq, nərd, padel, çimərlik voleybolu, velosiped idman növləri üzrə 28 turnirdə bacarıqlarını nümayiş etdiriblər.