Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Sena çayında təşkil olunan tədbir minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb.

Azərbaycan komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Ölkəmizin bayraqdarları cüdoçu, “Neftçi” İdman Klubunun yetirməsi Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir.

Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.

Sevindirici haldır ki, mötəbər yarışda ölkəmizin şərəfini qoruyacaq 48 idmançıdan 19-u “Neftçi” İdman Klubunun təmsilçiləridir.

Onu da əlavə edək ki, “Neftçi” İdman Klubunu Paris Olimpiadasında cüdoçularımız Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri (+100 kq), boksçularımız Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), qadınlardan ibarət 3×3 basketbol millimizin heyətində yer alan Alexandra Mollenhauer və Dina Ulyanova, yunan-Roma güləşçilərimiz Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq), sərbəst güləşçilərimiz Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) təmsil edəcək.