“Neftçi” İdman Klubunun parataekvondoçuları Çxunçxon şəhərində keçirilən Cənubi Koreyanın açıq çempionatında uğurla çıxış edərək 2 qızıl medala sahib olublar. Təmsilçilərimizdən Sabir Zeynalov və İmaməddin Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Əlli səkkiz kiloqram çəkidə mübarizə aparan Sabir Zeynalov dörddəbir finalda braziliyalı, yarımfinalda isə cənubi koreyalı rəqibini məğlub edərək finala yüksəlib. O, həlledici qarşılaşmada özbəkistanlı rəqibinə də qalib gələrək turnirin qalibi adını qazanıb.
İmaməddin Xəlilov (70 kq) səkkizdəbir finalda qazaxıstanlı, dörddəbir finalda və yarımfinalda isə özbəkistanlı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqəni təmin edib. Paralimpiyaçımızın finaldakı meksikalı rəqibi zədə səbəbindən döyüşə çıxmayıb və İmaməddin Xəlilov qızıl medala sahib olub.