Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarına yekun vurulub.
“Neftçi” İdman Klubunun ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edən idmançıları mötəbər yarışın 1 qızıl və 1 bürünc medalına sahib olublar.
Cüdoçumuz Hidayət Heydərov (73 kq) böyük əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərini məğlub edib və Olimpiya çempionu adını qazanıb. O, Paris Olimpiadasında millimizin aktivinə ilk medalı yazdırıb. Bununla da Hidayət Heydərov bir ildə həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.
Klubumuzun yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) isə Paris Olimpiadasının bürünc medalına layiq görülüb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparıb. Bu nüfuzlu yarışda 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal (2 qızıl, 2 gümüş, 3 bürünc) qazanıb. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Onu da əlavə edək ki, yığmamızın qərarlaşdığı 30-cu yer olimpiadalar tarixində ən yaxşı nəticəmiz olub. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.