Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa birinciliyinə yekun vurulub. Yarışın sonuncu günlərində sərbəst güləşçilər mübarizəyə qoşulub.

“Neftçi” İdman Klubunun sərbəst güləşçilərindən Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Vasif Bağırov gümüş medala layiq görülüb.

Camal Abbasov (61 kq) finalda rusiyalı Andrey Midlovetslə qarşılaşıb. Həmyerlimiz ilk hissəni minimal fərqlə öndə tamamlasa da, ikinci hissədə fiziki göstəriciləriylə seçilən rəqib daha yaxşı güləşib. Yekunda 1:6 hesabı ilə məğlub olan Camal Abbasov ikinci yeri tutub.

Anar Cəfərli (92 kq) finalda rusiyalı Mustafaqadji Malaxdibirovla üz-üzə gəlib. Görüşə təmsilçimiz yaxşı başlasa da, rəqibin silsiləvi “xaç” fəndindən xilas ola bilməyib. Belədə Anar Cəfərli də gümüş medalla kifayətlənməli olub.

Yusif Dursunov (125 kq) təsəlliverici görüşdə italiyalı Martino Pilieroya “tuş”la qalib gəlib. Pəhləvanımız bürünc medal uğrunda ukraynalı İvan Miroşniçenkoyla gərgin mübarizədə sevinən tərəf olub (3:2) və fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçisi Ruzanna Məmmədova (59 kq) Avropa çempionu olub, yunan-Roma güləşçilərimizdən isə İsmayıl Rzayev (82 kq) gümüş medala yiyələnib.

Beləliklə, inamla mübarizə aparan “Neftçi” İdman Klubunun güləşçiləri mötəbər yarışı 6 medalla (1 qızıl, 4 gümüş, 1 bürünc) başa vurublar.