İyunun 24-də start götürmüş “Neftçi” İdman Klubunun 2013-2015-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli açıq birinciliyi sona yetib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan və altı komandanın mübarizə apardığı yarış dairəvi sistem üzrə keçirilib.

Yekunda “Neftçi İK-1” komandası 15 xalla turnirin qalibi adını qazanıb. “Qaradağ-1” (12 xal) ikinci, “Neftçi İK-2” komandası (9 xal) isə üçüncü yeri tutub.

Turnirdə Muhamməd Məhərrəmli (“Neftçi İK-1”) “ən yaxşı oyunçu”, Raul Həsənov (“Neftçi İK-1”) “ən məhsuldar oyunçu”, Qurban Məmmədov (“Neftçi İK-2”) isə “ən yaxşı qapıçı” nominasiyasının qalibi olub.

Yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar “Neftçi” İdman Klubu tərəfindən kubok, diplom və medallarla mükafatlandırılıb. Nominasiya qaliblərinə də diplom, medal və xatirə hədiyyələri təqdim olunub.