“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Hidayət Heydərov (73 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. Yığmamızın lideri mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, ilk görüşündə İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib. Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Hidayət Heydərov dörddəbir finala yüksəlib. İdmançımız bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşıb. O, qızıl xal bölümündə rəqibinə ipponla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda kosovolu Akil Qyakovaya da ipponla qalib gələn cüdoçumuz həlledici görüşə vəsiqəni təmin edib. Dünya və Avropa çempionu finalda fransalı Con Benjamin Qabanı qızıl xal bölümündə ipponla məğlub edərək Paris Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb və Olimpiya çempionu tituluna sahib olub.
O, Paris Olimpiadasında millimizin aktivinə ilk medalı yazdırıb.
Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.