Boks Mərkəzində kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayon klublarının, idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 41 komandadan 200 idmançı (178 kişi, 22 qadın) qüvvəsini sınayıb.
“Neftçi” İdman Klubunun boksçuları çempionatda əzmlə mübarizə apararaq böyük uğura imza atıblar.Belə ki, təmsilçilərimiz 8-i qızıl, 5-i gümüş və 5-i bürünc olmaqla turnirin 18 medalına sahib olublar.
Boksçularımızdan Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Rauf Rəhimov (92 kq), Anaxanım İsmayılova (48 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayeva (70 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu titulunu qazanıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Tural Sarıyev (51 kq), Elbrus Adıgözəlov (60 kq), Mirşərif Kazımzadə (75 kq), Məmməd Quliyev (86 kq) və Mələk Hüseynova (66 kq) gümüş medala yiyələniblər. Klubumuzun digər boksçuları – Həsən Məlikov (48 kq), Kənan Əliyev (54 kq), Şamil Əsgərov (60 kq), Elvin Qənbərov və Fəqan Məmmədov (hər ikisi 80 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, “Neftçi” İdman Klubu 60 xalla komanda hesabında birinci yeri tutub.