Klubun idmançıları il ərzində iştirak etdikləri yarışlarda ümumilikdə 1001 medala sahib olublar

Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət qayğısı gündən-günə artırılır. Məhz dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün Azərbaycan Avropada və dünyada idman ölkəsi kimi tanınır.

“Neftçi” İdman Klubu bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir və 2024-cü ildə də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirib. Ötən il mütəmadi olaraq neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edən klub, həmçinin peşəkar idmançıların yetişdirilməsi işində də uğurla fəaliyyət göstərib və Azərbaycan idmanının inkişafına dəyərli töhfələr verib.

2024-cü il “Neftçi” İdman Klubu üçün çox uğurlu olub. Yola saldığımız ildə klubun istifadəsində olan idman qurğularında idmanın 26 növü üzrə bölmələrdə 2000-dən çox yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2024-cü ildə “Neftçi” İdman Klubunun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə təmənnasız bədən tərbiyəsi və idman xidmətləri göstərilib. Klub tərəfindən idmanın müxtəlif növləri üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da yüzlərlə neftçi iştirak edib. Keçirilən yarışların nəticələrinə əsasən, SOCAR-ın müxtəlif idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub. Həmin komandalar il ərzində dövlət qurumları arasında təşkil olunan müxtəlif turnirlərdə uğurla çıxış edibvə yüksək nailiyyətlər qazanıblar. Belə ki, SOCAR-ın əməkdaşları 2024-cü ildə 12 idman növündə 21 yarışda 58 medala (14 qızıl, 18 gümüş, 26 bürünc) sahib olublar. Sevindirici haldır ki, əməkdaşları ilboyu Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bütün turnirlərdə inamla çıxış edən SOCAR ilin sonunda dövlət qurumları arasında ikinci yeri tutub.

2024-cü ildə peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar əldə olunub. Müxtəlif idman növləri üzrə “Neftçi” İdman Klubunun açıq birincilikləri keçirilib ki, bu yarışlara da yüzlərlə idmançı qatılıb. İl ərzində klubun təmsilçiləri yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda, digər idman klubları və mərkəzlərinin açıq birinciliklərində yüksək nəticələr əldə ediblər. Ümumilikdə bu yarışlarda 1001 medala sahib olan idmançılarımızın 337-si qızıl, 303-ü gümüş, 361-i isə bürünc medala layiq görülüb. Klubumuzun təmsilçiləri bu il Olimpiya və paralimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamla mübarizə apararaq tarixi nailiyyətlər qazanıblar. Ötən il Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında “Neftçi” İdman Klubunun cüdoçusu Hidayət Heydərov böyük əzmkarlıq nümayiş etdirərək Olimpiya çempionu tituluna sahib olub. Bununla da Hidayət Heydərov bir ildə həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb. Yunan-Roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasının bürünc medalına layiq görülüb. Fransanın paytaxtı Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarında klubumuzun təmsilçiləri 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc olmaqla 11 medal qazanıblar. İdmançılarımızdan İmaməddin Xəlilov, Səid Nəcəfzadə, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva 1 qızıl, 1 gümüş, Raman Saley 1 gümüş, 2 bürünc, Sabir Zeynalov, Vəli İsrafilov və İlham Zəkiyev isə bürünc medala sahib olub.

Daha bir qürurverici məqam ondan ibarətdir ki, klubumuzun təmsilçisi, paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında tarixi uğura imza atıblar. Belə ki, təmsilçilərimizdən Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvü Qənizadə mundialda inamla çıxış edərək dünya çempionu olublar. Eldəniz Əzizli bununla da Azərbaycanın güləş üzrə ilk dördqat dünya çempionu kimi adını tarixə yazdırıb.

Yola saldığımız il “Neftçi” İdman Klubu üçün təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yaddaqalan olub. Belə ki, klubun kişilərdən ibarət basketbol komandası ölkə kubokunun, qadın basketbol komandası isə Azərbaycan Qadınlar Liqasının qalibi adını qazanıb. Yüksək Liqada çıxış edən futzal komandamız 2023-2024-cü il mövsümünü bürünc medalla başa vurub. “Qaradağ Lökbatan” futbol komandası isə Birinci Liqanın gümüş medalına layiq görülüb.

Onu da əlavə edək ki, bu günlərdə Gənclər və İdman Nazirliyinin 2024-cü ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” adlı tədbirində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

“Neftçi” İdman Klubu ilin “Ən yaxşı idman klubu” nominasiyasında ikinci yeri tutub. “Qadınlardan ibarət ən yaxşı klub komandası” nominasiyasında isə 3×3 basketbol komandamız ikinci pillədə qərarlaşıb.

“Neftçi” İdman Klubunun cüdoçusu, Olimpiya çempionu Hidayət Heydərov ilin “Ən yaxşı kişi idmançısı” nominasiyasının qalibi olub. İlin “Ən yaxşı qadın paralimpiyaçısı” nominasiyasında təmsilçimiz Lamiyə Vəliyeva (paraatletika) qalib adını qazanıb. Dürsədəf Kərimova (paracüdo) ikinci, Könül Süleymanova (paraüzgüçü) isə üçüncü olub. “Ən yaxşı kişi paralimpiyaçısı” nominasiyası üzrə də hər üç yerə klubumuzun idmançıları layiq görülüb: İmaməddin Xəlilov (parataekvondo) birinci, Səid Nəcəfzadə (paraatletika) ikinci, İlham Zəkiyev (paracüdo) isə üçüncü yeri tutub.