“Neftçi” İdman Klubunun Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında yeni güləş zalının açılışı olub. Tədbirdə Azərbaycan Güləş Federasiyasının və “Neftçi” İdman Klubunun nümayəndələri iştirak ediblər.
Öncə zala baxış keçirilib. Sonra açılış mərasimində çıxış edən “Neftçi” İdman Klubunun baş meneceri Elmar Babanlı, federasiyanın rəsmiləri Namiq Abdullayev, Arif Abdullayev, Rövşən Bayramov və klubumuzun sərbəst güləş üzrə baş məşqçisi Əsgərxan Novruzov dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd ediblər ki, düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan idmanı yüksək sürətlə inkişaf edir. Rəsmilər ölkə idmanında qazanılan uğurlarda güləşçilərimizin böyük rol oynadığını xüsusi vurğulayıblar. “Neftçi” İdman Klubunda, eləcə də bütövlükdə ölkəmizdə bu idman növündə daim adlı-sanlı idmançıların yetişdiyini diqqətə çatdıran çıxışçılar bu ənənənin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandıqlarını söyləyiblər və güləşçilərə uğurlar diləyiblər.
Tədbirin sonunda məşqçilər və idmançılar yeni zalın açılışına, eləcə də yaradılan yüksək şəraitə görə Azərbaycan Güləş Federasiyasının və “Neftçi” İdman Klubunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.