Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kunq-fu üzrə IV Azərbaycan kəməri yarışı keçirilib. Abşeron Olimpia İdman Kompleksində kadetlər, yeniyetmələr, gənclər və böyüklərin mübarizə apardığı turnirə 28 komandadan 320 idmançı qatılıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri uğurlu çıxış edərək 5 qızıl, 2 gümüş medal qazanıblar və Azərbaycan kəmərinə sahib olublar.
İdmançılarımızdan Fəridə Quliyeva (2008-2009, 44 kq), Sənan İsgəndərov (2014-2015, 26 kq), Ayxan Məmmədov (2008-2009, 52 kq), Əli Məmmədli (2008-2009, 56 kq) və Əbülfəz Yaqubov (2008-2009, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldar Əbiyev (2014-2015, 33 kq) və Sahil Cəfərov (2012-2013, 42 kq) isə gümüş medala layiq görülüblər.