“Neftçi” İdman Klubunun güllə atıcıları Perunun Lima şəhərində gənclər arasında keçirilən dünya birinciliyində böyük uğura imza atıblar. Kiçikçaplı tapançadan 50 metr məsafəyə atəşaçma yarışında İmran Qarayev 552 xal toplayaraq qızıl medala sahib olub. İdmançımız oğlanların komanda yarışında isə ikinci yeri tutub. Leyli Əliyeva qızların komanda yarışında qızıl, Vladislav Kalmıkov isə oğlanlardan ibarət milli komandanın heyətində gümüş medala layiq görülüb.
Xatırladaq ki, daha əvvəl klubumuzun yetirməsi Leyli Əliyeva pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında qızlardan ibarət milli komandanın heyətində gümüş medal qazanmışdı.
Qeyd edək ki, yarışda 51 ölkədən 566 idmançı mübarizə aparırdı.