Bakı İdman Sarayında keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub.

“Neftçi” İdman Klubunun təmsilçiləri yarışda böyük əzmlə mübarizə apararaq 35 medal (12 qızıl, 11 gümüş, 12 bürünc) qazanıblar.

Yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Babaşov (63 kq), Namaz Rüstəmov (67 kq), Davud Məmmədov (77 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq ölkə çempionluğunun sevincini yaşayıblar. Finala qədər irəliləyən və yalnız bu mərhələdə məğlub olan Rəşad Məmmədov (55 kq), Fərid Xəlilov (67 kq), Urfan Həsənli (72 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) gümüş medala layiq görülüblər. Digər pəhləvanlarımız – Rahim Həsənov (55 kq), Ziyad Zeynalov (60 kq), Məhəmməd Şükürzadə (67 kq), Təvəkkül Həziyev (72 kq), Nihat Məmmədli (77 kq), Tuncay Vəzirzadə (87 kq) və Məhəmməd Əhmədiyev (97 kq) isə çempionatı üçüncü pillədə başa vurublar.

Sərbəst güləşçilərimizdən Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Orxan Abasov (79 kq) heç bir rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Vasif Xudiyev (86 kq), İslam İlyasov (97 kq) və Yusif Dursunov (125 kq) gümüş medal əldə ediblər. Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (61 kq), Musa Verdiyev (74 kq), Sahib Dadaşov (79 kq) və Anar Cəfərli (92 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, həm yunan-Roma güləşçilərimiz, həm də sərbəst güləşçilərimiz komanda hesabında Azərbaycan çempionatının qalibi olublar.