Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri də yarışda bacarıqlarını nümayiş etdiriblər. Karateçilərimizdən Yağmur Məmmədova (9 yaş, 20 kq) kumite üzrə birinci, katada isə ikinci yeri tutub. Ağakərim Məmmədov (9 yaş, 25 kq) və Abdulla Abdullazadə (17 yaş, 61 kq) inamla çıxış edərək respublika çempionu olublar. Sahib Fərzəliyev (9 yaş, 30 kq), İbrahim Abbaszadə (10 yaş, 21 kq) və Tacir Babayev (16 yaş, 55 kq) gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Zərifə Mehdizadə (10 yaş, 30 kq), Elnur Quliyev (17 yaş, 61 kq), David Əliyev (17 yaş, 58 kq) və Murad Səmədzadə (21 yaşdan yuxarı, 75 kq) isə yarışı üçüncü pillədə başa vurublar.