Xəbər
verdiyimiz kimi, İspaniyada keçirilən gənclər arasında kik-boksinq üzrə Avropa birinciliyi başa
çatıb. Yarışda iştirak edən Azərbaycan milli komandasının heyətində”Neftçi İdman Klubu”nun 6 üzvü medalçılar
sırasında yer alıb. 51 kq çəki dərəcəsində yarışan Çingiz Əhmədzadə bütün rəqiblərinə
qalib gələrək Avropa çempionu olub. 75 kq çəkidə mübarizə aparan Elmir
Süleymanov yalnız finalda uduzaraq gümüş medal qazanıb. “Neftçi İdman
Klubu”nun daha 4 üzvü – Nəcməddin Məmmədzadə, Elvin Süleymanov, Qiyas Şahmərdanov
və Kamran Bayramov Avropa birinciliyini 3-cü yerdə başa vurublar. Bu gün Heydər
Əliyev adına hava limanında idmançıların qarşılanma mərasimi olub. “Neftçi
İdman Klubu”nun kik-boksinq üzrə baş məşqçisi
Ehram Məcidov gənc idmançılarımızın Avropa çempionatındakı parlaq qələbələrinin
xarici ölkələrin yığma komandalarının rəhbərliyi və idman mütəxəssisləri tərəfindən
yüksək qiymətləndirildiyini söyləyib. Ehram Məcidov onlara göstərilən etimada
görə “Neftçi İdman Klubu” və Azərbaycan Kik-boksinq Federasiyasının rəhbərliyinə
təşəkkürünü bildirib.