Xəbər
verdiyimiz kimi, sentyabrın 13-də “Neftçi İdman Klubu” tərəfindən keçirilən
neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına yekun vurulub. 31
müəssisədən 1239 iştirakçının qatıldığı spartakiadada Heydər Əliyev adına Neft
Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri
İdarəsi (637,5 xal) 2-ci, “Neft Daşları” NQÇİ (607,5 xal) isə 3-cü yeri tutub.Bu
gün “Neftçi İdman Klubu”nun inzibati binasının akt zalında qaliblərin
mükafatlandırılması mərasimi keçirildi. Öncə klubun idman və sağlamlıq məsələləri
üzrə baş meneceri Elmar Babanlı çıxış edərək iştirakçılara idarəetmə aparatının
rəhbəri Sadıq Sadıqovun adından yarışlarda göstərdikləri fəallığa görə minnətdarlığını
bildirdi və onları qarşıdan gələn neftçilərin peşə bayramı münasibətilə ürəkdən
təbrik etdi. Ardınca “Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif
Məmmədov spartakiadanın gedişatı ilə bağlı fikirlərini bildirdi və neftçilərə gələcək
işlərində müvəffəqiyyətlər arzuladı.Sonra
qaliblərin mükafatlandırılmasına başlanıldı. Kubokları sahiblərinə klubun
yetirməsi, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli təqdim etdi.Sonda
çıxış edənlər spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə SOCAR-ın
prezidenti Rövnəq Abdullayevə, “Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə
bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.