Slovakiyanın Bratislava şəhərində start
götürmüş cüdo üzrə 23 yaşadək gənclər arasında Avropa birinciliyi keçirilib.”Neftçi İdman Klubu”nun cüdoçuları qitə yarışının 1
gümüş, 2 bürünc medalını qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan
Davud Məmmədov finala qədər maneəsiz irəliləyib. Bu yolda o, kiprli İrodotos
Kelpisi, Rusiya təmsilçisi Savva Karakizidini və italiyalı Karmin di Lorentonu
yarışdan kənarlaşdırmalı olub. Final qarşılaşmasında rusiyalı İslam Yaşuyevə məğlub
olan cüdoçumuz gümüş medala yiyələnib.Təmsilçimiz Telman Vəliyev (66 kq) bürünc medal
uğrunda mübarizədə digər azərbaycanlı Rəşad Rufullayevlə üz-üzə gəlməli olub.
Bu dueldən klubumuzun cüdoçusu Telman Vəliyev qalib ayrılıb. Qeyd edək ki,
idmançımız ilk görüşdə Litva təmsilçisi, erməni əsilli cüdoçu Teqran Qalustyan
üzərində inamlı qələbə qazanıb.Klubun digər gənc cüdoçusu Hidayət Heydərov (73 kq) isə
ardıcıl olaraq, moldovalı George Blanurunu, Rusiya nümayəndəsi Arbi Xamxoyevi və
ukraynalı Artyom Xomulanı məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə
İtaliya idmançısı Antoniyo Espozito ilə bacarmayan Heydərov təsəlliverici görüşə
qatılıb. Üçüncü yer uğrunda mübarizədə monteneqrolu
Nikola Qusiçə qalib gələn cüdoçumuz Avropa birinciliyinin bürünc medalını
qazanıb.