İtaliyanın
Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Yarışın ilk
günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin
heyətində təmsil olunan pəhləvanlarından ikisi qitə çempionatının medallarına
sahib olub. İdmançılarımızdan 77 kiloqram çəki dərəcəsində çıxış edən Sənan Süleymanov böyük əzmkarlıq nümayiş etdirərək
Avropa çempionatının qızıl medalını qazanıb. Mübarizəyə təsnifat mərhələsindən
başlayan güləşçimiz Bolqarıstan bayrağı altında çıxış edən erməni Aik
Mnatsakanyan, səkkizdəbir finalda isə italiyalı Matteo Maffezzoli üzərində qələbə
qazanıb. Növbəti mərhələdə Yunanıstan təmsilçisi Georgios Prevolarakisi məğlub
edən pəhləvanımız yarımfinalda daha bir ermənini, Ermənistan güləşçisi Karapet
Çalyanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Sənan Süleymanov həlledici
görüşdə Macarıstan təmsilçisi Zoltan Levanı məğlubiyyətə uğradaraq Avropa
çempionatının qalibi olub.Çempionatda
mübarizəyə təsnifat mərhələsindən start verən klubumuzun digər yetirməsi İslam
Abbasov (87 kq) isə mötəbər yarışın bürünc medalına layiq görülüb. İdmançımız ilk qarşılaşmada Belarus idmançısı Kiril Maskeviçi məğlub
edib. O, səkkizdəbir finalda polşalı Arkadiuş Kuliniçdən, dörddəbir finalda isə
Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalamdan üstün olub. Güləşçimiz
yarımfinaldakı rəqibi, Macarıstan idmançısı Viktor Lorintsə məğlub olduğu üçün
bürünc medal uğrunda mübarizə aparıb. İslam Abbasov bu qarşılaşmada litvalı
Eyvidas Stankeviçyus üzərində qələbə qazanıb və Avropa üçüncüsü olub.