“Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev Tokio Olimpiadasında Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb. Altmış beş kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız finalda yaponiyalı dünya və ikiqat Asiya çempionu Takuto Otoquro ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin 5:4 hesablı qələbəsi ilə sona yetib və Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.Nüfuzlu yarışda böyük əzmkarlıq nümayiş etdirən pəhləvanımız mübarizəyə səkkizdəbir final mərhələsindən başlayıb və bütün görüşlərdə yüksək peşəkarlığı ilə diqqəti cəlb edib. İlk qarşılaşmada Seneqal təmsilçisi Adama Diattaya qalib gələn (4:0) Hacı Əliyev dörddəbir finalda Qazaxıstan idmançısı Daulet Niyazbekovu 9:1 hesabı ilə məğlub edib. Yarımfinalda hindistanlı Bacranq Bacranq ilə qarşılaşma təcrübəli güləşçimizin 12:5 hesablı qələbəsi ilə yekunlaşıb və o, finala vəsiqəni təmin edib.Mötəbər beynəlxalq turnirlərdə daim ölkəmizin idman şərəfini layiqincə qoruyan Hacı Əliyev üçqat dünya və üçqat Avropa çempionudur. O, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medal qazanan güləşçimiz, 2019-cu ildə Minskdə təşkil olunan sözügedən turnirdə qızıl medala sahib olub. Bundan əlavə, Hacı Əliyev 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olub. Klubumuzun yetirməsi güləş üzrə dünya kuboku yarışlarında bir gümüş, iki bürünc medala yiyələnib.Xatırladaq ki, yarışın əvvəlki günlərində “Neftçi İdman Klubu”nun xanım cüdoçusu İrina Kindzerska (+78 kq) bürünc medal qazanmışdı.