Yaponiyanın
paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları artıq tarixə qovuşdu. Mötəbər yarışda 163 ölkədən 4400 idmançı
539 dəst medal uğrunda mübarizə apardı.Tokio Paralimpiadası Azərbaycan idmanının,
xüsusilə milli Paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazıldı. Dördilliyin
zirvə yarışına 36 idmançı ilə qatılan milli Paralimpiya komandamız 19 medal –
14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq, 163 ölkə arasında medal
siyahısında 10-cu yerdə qərarlaşdı. Bu, yeddinci dəfə Paralimpiya Oyunlarında
iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük uğurdur.Qürurverici haldır
ki, Azərbaycan komandasının qazandığı bu parlaq qələbədə “Neftçi İdman
Klubu”nun yetirmələri böyük pay sahibi oldular. Belə ki, əldə olunan 19
medaldan 8-ni (6 qızıl, 2 bürünc) klubumuzun
idmançıları ölkəmizə qazandırdılar.Bəri başdan böyük
təəssüf hissi ilə qeyd edək ki, paracüdoçumuz, Rio-2016-nın qalibi Ramil
Qasımovun və parataekvondoçumuz Aynur Məmmədovanın koronavirus testləri pozitiv
çıxdığından onların hər ikisi yarışları buraxmalı oldular. Ancaq bu, komandada
bir qədər məyusluq doğursa da, idmançılarımızın mübarizə əzmini qıra bilmədi.”Neftçi İdman
Klubu”nun Azərbaycan millisinin heyətində yer alan paracüdoçuları Tokio Yay
Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək ölkəmizə 8 medal (6
qızıl, 2 bürünc) qazandırdılar.Qadınlar arasında
qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Şahanə Hacıyeva
yaponiyalı Şuzika Hanqai və rusiyalı Viktoriya Potapovaya qalib gələrək finala
yüksəldi. O, həlledici qarşılaşmada Fransa idmançısı Sandrine Martinet üzərində
qələbə çalaraq, Azərbaycana ilk qızıl medalı qazandırdı. Sevda Vəliyeva (57 kq)
qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək
finala yüksəldi. Həlledici qarşılaşmada cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi
Parvina Samandarova oldu. Rəqibini məğlub edən Sevda Vəliyeva fəxri kürsünün ən
yüksək pilləsinə qalxdı.Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko
Kudonu üstələdi. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız
finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşdı. Gərgin idman mübarizəsi şəraitində
keçən görüşdə paracüdoçumuz qalib gələrək paralimpiya çempionu oldu. Yetmiş
kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan digər xanım idmançımız Dürsədəf
Kərimova ukraynalı Anastasiya Harnik və Braziliya təmsilçisi Meq Emmeriçə qalib
gələrək finala yüksəldi. Həlledici qarşılaşmada cüdoçumuz qazaxıstanlı
Zarina Baybatina ilə üz-üzə gəldi. Rəqibini ipponla məğlub edən Dürsədəf Kərimova
nüfuzlu yarışın qızıl medalına yiyələndi.Kişilərin
yarışında altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli
birinci qarşılaşmada türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəldi.
Bu mərhələdə rumıniyalı rəqibi Aleks Boloqanı məğlub edən cüdoçumuz finala vəsiqəni
təmin etdi. Vüqar Şirinli həlledici görüşdə qazaxıstanlı rəqibi Anuar Sarıyev
üzərində qələbə qazanaraq paralimpiya çempionu oldu. Hüseyn Rəhimli (81 kq) də
eyni uğuru təkrarladı.O, ilk görüşdə Böyük Britaniya idmançısı Daniel
Povelə qalib gələrək yarımfinala yüksəldi. Koreya Respublikasından olan Jung
Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə
qarşılaşdı. Bu rəqibi üzərində də qələbə qazanan Hüseyn Rəhimli Tokio
Paralimpiadasının qızıl medalına sahib oldu. Klubumuzun digər cüdoçusu Namiq
Abbaslı (66 kq) ilk görüşdə ispaniyalı Bannon İbanesə məğlub oldu. Rəqib finala
yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazandı.
Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və rusiyalı Viktor Rudenkonu üstələyən
Namiq Abbaslı üçüncü yer uğrunda görüşdə Ukrayna idmançısı David Xoravaya qalib
gəldi və bürünc medala layiq görüldü. İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev
də Tokio Paralimpiadasında bürünc medal qazandı. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində
çıxış edən 41 yaşlı cüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə
də, dörddəbir finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub oldu. Rəqib
finala yüksəldiyi üçün İlham Zəkiyev təsəlliverici görüşə qatıldı. Yamaykalı
Teador Subbaya qalib gələn idmançımız 3-cü yer uğrunda görüşdə mübarizə
aparmadan qalib elan edildi. Buna özbəkistanlı rəqib Şirin Şaripovun
qarşılaşmaya çıxmaması səbəb oldu. Şaripov əvvəlki qarşılaşmasında qadağan
edilmiş fənddən yararlandığı üçün yarışdan kənarlaşdırıldı.Beləliklə, qələbələri
ard-arda sıralayan paralimpiyaçılarımız Tokio Yay Paralimpiya Oyunlarında
tarixi uğura imza atdılar.Təbii ki,
paracüdoçularımızın qazandığı möhtəşəm qələbələrdən söhbət açarkən, Azərbaycan
Cüdo Federasiyasının və “Neftçi İdman Klubu”nun rəhbərliyinin bu
idmançılarımıza göstərdiyi diqqət və qayğını da xüsusi vurğulamaq lazımdır.Xatırladaq ki,
Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord
sayda – 36 idmançı təmsil edirdi ki, onlardan da 22-si “Neftçi İdman
Klubu”nun yetirmələridir.