Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində təmsil olunan yetirməsi Məmmədəli Mehdiyev mötəbər yarışda əzmlə mübarizə aparıb və böyük uğura imza atıb. Belə ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz ardıcıl olaraq braziliyalı Rafael Masedona, Türkiyə idmançısı Mixael Jqanka və gürcüstanlı Beka Qviniaşviliyə qalib gələrək finala yüksəlib. O, həlledici qarşılaşmada Yaponiya təmsilçisi Sanşiro Murao ilə üz-üzə gəlib. Güclü rəqibinə məğlub olan Məmmədəli Mehdiyev Paris “Böyük dəbilqə”sinin gümüş medalına layiq görülüb. Qeyd edək ki, bu, Azərbaycan millisinin nüfuzlu yarışda qazandığı ilk medal olub.Xatırladaq ki, turnirdə 52 ölkədən 285 idmançı medallar uğrunda mübarizə aparıb.