İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Hidayət Heydərov böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışın qızıl medalını qazanıb. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz startda Oron Qiner (İsrail), daha sonra almaniyalı İqor Vandtkeyə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə o, yerli idmançı Tohar Butbulu məğlub edib və finala vəsiqəni təmin edib. Hidayət Heydərov həlledici görüşdə özbəkistanlı idmançı Obidxon Nomonov ilə üz-üzə gəlib. Cüdoçumuz qızıl xal bölümündə rəqibi üzərində ipponla qələbə qazanıb və nüfuzlu turnirin qalibi olub.Xatırladaq ki, klubumuzun digər yetirməsi Yaşar Nəcəfov (66 kq) yarışın ilk günündə gümüş medala yiyələnib.Qeyd edək ki, 34 ölkədən 298 cüdoçunun (165 kişi, 133 qadın) qatıldığı “Böyük dəbilqə” turniri fevralın 19-da başa çatacaq.