SOCAR-ın komandası ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində növbəti oyununu keçirib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən yarışın B qrupunda təmsil olunan komandamız ikinci görüşündə Qida Təhlükəsizliyi Agentliyinin kollektivi ilə qarşılaşıb. Komandamızın aşkar üstünlüyü şəraitində keçən qarşılaşma təmsilçimizin böyükhesablı qələbəsi ilə başa çatıb – 7:1. Komandamızın heyətində Ramil Mansurov və Elşad Kərimov het-trik ediblər, digər qola isə Elnur Hüseynov imza atıb.Qeyd edək ki, SOCAR-ın komandasını yaratmaq, formalaşdırmaq, məşq prosesini təşkil etmək və kollektivi yarışa hazırlamaq şirkətin rəhbərliyi tərəfindən “Neftçi İdman Klubu”na həvalə olunub.Onu da əlavə edək ki, 2023-cü il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır. Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksələcəklər. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və qrup qalibi olan komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə edəcəklər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.