Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində III turun oyunlarına start verilib.Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən yarışın B qrupunda yer alan SOCAR komandası bu tur çərçivəsində “ASAN xidmət’lə üz-üzə gəlib. Daha güclü tərəf kimi çıxış edən və sərgilədiyi oyunla azarkeşlərin zövqünü oxşayan komandamız rəqibini darmadağınla məğlub edib – 7:0. Təmsilçilərimizdən Ramil Mansurov het-trik edibsə, Zamiq Nəzərov dublla yadda qalıb. Elnur Hüseynovla Amil Abbasov isə hərəyə bir dəfə rəqib qapısına yol tapıblar.Qeyd edək ki, 2023-cü il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 kollektiv mübarizə aparır. Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq.