Bakı İdman Sarayında keçirilən Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri yarışda əzmlə mübarizə apararaq 17 medal (2 qızıl, 7 gümüş, 8 bürünc) qazanıblar. Pəhləvanlarımızdan Nihat Məmmədli (60 kq) və Ülvü Qənizadə (72 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız final görüşündə məğlub olan Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Təvəkkül Həziyev (67 kq), Urfan Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Fərdi Hümbətov (55 kq), Ziya Zeynalov (60 kq), Fəraim Mustafayev (63 kq), Əsgər Əlizadə, Fərid Xəlilov (hər ikisi 67 kq), Xasay Həsənli (77 kq), Elcan Məmmədov (82 kq) və Laçın Vəliyev (87 kq) isə çempionatı üçüncü pillədə başa vurublar.Qeyd edək ki, “Neftçi İdman Klubu” ümumkomanda hesabında yarışın qalibi olub. Bu, klubumuzun yunan-Roma güləşçilərinin 1997-ci ildən indiyədək böyüklər arasında 23-cü çempionluğudur.