Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları keçirildi və yarımfinalçılar müəyyənləşdi. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan matçlarda iki qrupda ümumilikdə 4 görüş keçirildi.B qrupunda təmsil olunan “Neftçi İdman Klubu” “Olimpik Şəki” ilə qarşılaşdı. İlk hissədə bərabər səviyyədə oyun getsə də, ikinci hissədən etibarən komandamız oyuna nəzarəti ələ aldı və bu üstünlüyü görüşün sonuna qədər davam etdirdi. Nəticədə təmsilçimiz rəqibini 100:74 hesabı ilə məğlub etdi.Matçın ən məhsuldar basketbolçuları kimi “Neftçi İdman Klubu”nda Zaur Quşanov (19 xal, 3 assist), “Olimpik Şəki”də isə Larri Robinson (24 xal, 7 assist) fərqləndilər.Qeyd edək ki, “Neftçi İdman Klubu” iki qələbə və bir məğlubiyyət sayəsində qazandığı 5 xalla qrupda ikinci yeri tutub. Komandamız martın 25-də yarımfinal mərhələsində A qrupunun lideri olan “Gəncə” ilə üz-üzə gələcək.