Bu gün futzal üzrə Yüksək Liqada “Neftçi İdman Klubu” və “Baku Fire” komandaları pley-off mərhələsinin üçüncü turunda yenidən üz-üzə gəldilər. Əvvəlki iki oyunda hərəyə bir qələbə qazanan tərəflərdən bu dəfə qalib olanı finala vəsiqə qazanacaq, məğlub tərəf isə üçüncü yer uğrunda matçda iştirak edəcəkdi.Bakı İdman Sarayında təşkil olunan qarşılaşma əvvəldən axıra qədər çox maraqlı və gərgin mübarizə şəraitində keçdi. Hər iki komandanın güclü azarkeş dəstəyinə malik olması və tərəfdarların oyunçuları dayanmadan qələbəyə səsləməsi qarşılaşmaya olan marağı bir qədər də artırırdı. Görüşdə “Neftçi İdman Klubu”nun futzalçıları daha baxımlı oyunları ilə fərqlənirdilər. Bu üstünlük fərqi sonda qeydə alınan hesabda da özünü göstərdi. Belə ki, çox əzmkar oyun nümayiş etdirən Hacıbala Abdullazadənin yetirmələri “Baku Fire” üzərində 6:3 hesablı qələbə qazandılar. Komandamızın heyətində Ülvi Əliyev (21:44), Nurlan Mehdizadə (22:49, 35:14), Hasan Ali Jafari (31:27) və Namiq Məmmədkərimov (34:00, 37:54) rəqib qapısının torunu silkələdilər.Qeyd edək ki, mayın 15-də təşkil olunacaq final qarşılaşmasında komandamız “Araz Naxçıvan”la üz-üzə gələcək.