Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub. Yarışda 29 ölkədən 156 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçiləri mötəbər turnirin 1 gümüş, 2 bürünc medalına sahib olublar.
Boksçularımızdan 63,5 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Malik Həsənov inamla mübarizə apararaq finala qədər irəliləyib. O, həlledici qarşılaşmada rusiyalı Qabil Məmmədovla üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib və Malik Həsənov Avropa kubokunun gümüş medalına layiq görülüb.
Klubumuzun digər yetirmələri – Tural Sarıyev (48 kq) və Mirşərif Kazımzadə (75 kq) isə Avropa kubokunu bürünc medalla başa vurublar.