
U-12 Basketbol Liqasında V turun oyunları keçirilib.
“Neftçi” İdman Klubunun A qrupunda yer alan on iki yaşlılardan ibarət komandası bu tur çərçivəsində “Sərhədçi” ilə qarşılaşıb. Rəqibindən daha yaxşı oyun sərgiləyən təmsilçimiz görüşdə 53:31 hesablı qələbə qazanıb.
Bununla da U-12 Liqasında birinci dövrəyə yekun vurulub.
Qeyd edək ki, “Neftçi” birinci dövrəni 9 xalla qrup lideri kimi başa vurub.
Xatırladaq ki, liqanın reqlamentinə əsasən, Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edən 12 klubun hər birinin U-12 komandası çempionluq uğrunda mübarizə aparır. Klublar ABL-də olduğu kimi, burada da A və B qruplarında təmsil olunublar. Dairəvi sistemlə iki dövrəli, yəni 10 turdan ibarət olan müntəzəm çempionatı öz qruplarında ilk iki pillədə bitirən komandalar pley-offun dörddəbir final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. Digər sıralarda qərarlaşmış komandalar isə pley-in oyunlarında iştirak edəcək və pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.





