• Aprel 14, 2025
  • Redactor Neftchi
  • 0

Xəbər verdiyimiz kimi, Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı sona yetib.
“Neftçi” İdman Klubunun Azərbaycan milli komandalarının heyətində yer alan təmsilçiləri mötəbər yarışda inamla mübarizə apararaq böyük uğura imza atıblar. Belə ki, idmançılarımız 3-ü qızıl, 1-i gümüş və 6-sı bürünc olmaqla, ümumilikdə Avropa çempionatının 10 medalına sahib olublar.
Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala layiq görülüblər.
Sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) qitə çempionatını bürünc medalla başa vurublar. Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) da fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası qitə çempionu olub.
Sevindirici haldır ki, bu uğurun qazanılmasında “Neftçi” İdman Klubunun təmsilçiləri böyük pay sahibi olublar. Belə ki, əldə olunan 13 medaldan 10-u klubumuzun idmançılarına məxsusdur. Bundan əlavə, yunan-Roma və qadın güləşi üzrə qazanılan medalların hamısı “Neftçi” İdman Klubunun yetirmələrinin payına düşür.