
“Neftçi” İdman Klubunun on dörd yaşlılardan ibarət futbol komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında mövsüm başlayandan indiyədək ardıcıl 17-ci qələbəsini qazanıb. Araz Əliyevin rəhbərlik etdiyi kollektiv final mərhələsinin ikinci turunda “Xocalı” komandasını 3:2 hesabı ilə məğlub edib. Xatırladaq ki, komandamız final mərhələsinin birinci turunda “Sumqayıt”a 5:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, U-14 komandamız qrup mərhələsində keçirdiyi 15 oyunun hamısında qələbə qazanıb və bu mərhələni 45 xalla turnir cədvəlinin lideri kimi başa vurub. Rəqib qapılarına 112 dəfə yol tapan komandamız indiyədək 7 qol buraxıb. Bu, ölkəmizdə bütün qruplar üzrə ən yaxşı göstəricidir.
Onu da əlavə edək ki, çempionatın bombardiri 25 qola imza atmış futbolçumuz Fərid Yarəliyevdi.
