• Aprel 7, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş şahmat turniri keçirilib. “Məşəl” İdman Kompleksində baş tutan yarışda 14 komandanın tərkibində 29 iştirakçı mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında bu idman növü üzrə təşkil olunacaq turnirdə SOCAR-ı təmsil edəcək qadın və kişi komandalarının heyətini müəyyən etməkdən ibarət idi.
Yarışda qadınlar arasında “Azfen”in təmsilçisi Sevinc Əliyeva qalib adını qazanıb. Mirvari Məmmədova (Heydər Əliyev adına Neft Emalı Zavodu) ikinci, Arzu Orucova (İnformasiya Texnologiyaları və Rabitə İdarəsi) və Gülgəz Təhməzova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) isə ücüncü yeri tutublar.
Kişilərin mübarizəsində “Azərikimya” İstehsalat Birliyinin təmsilçisi Əliyar Heydərov hamıdan güclü olub. Qəhrəman Kazımlı (Heydər Əliyev adına Neft Emalı Zavodu) ikinci, Elnur Nəcəfov (“BOS Şelf” MMC) və Mural İsmayılov (Təhlükəsizlik İdarəsi) isə üçüncü pillədə qərarlaşıblar.
Qaliblər “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.