
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil edilən və altı gün davam edən turnirdə ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın heyətində 319 idmançı (280 oğlan, 39 qız) medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yeniyetmə boksçuları böyük əzmkarlıq nümayiş etdirərək ölkə birinciliyinin 8 medalına (4 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar.
İdmançılarımızdan Ayxan Həsənov (48 kq), Əli Camalzadə (52 kq), İsmayıl Vəliyev (80 kq) və Səftər Məmmədzadə (+80 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Aylin Nəzərova (48 kq) ilə Səma Hüseynova (57 kq) gümüş, Nihat Ağayev (60 kq) və Elgün Abbaslı (63 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, “Neftçi” İdman Klubu komanda hesabında birinci yeri tutub. Onu da əlavə edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.


