“Neftçi” İdman Klubu Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında futbol məşqçiləri üçün növbəti seminarını keçirdi. Üç gün davam edən seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.
”Neftçi” İdman Klubu Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov seminar iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən və kiçikyaşlı uşaqlar arasından istedadların üzə çıxarılması metodlarından söhbət açdı.
Sonra FİFA referisi Əliyar Ağayev çıxış edərək seminar iştirakçılarına yeni oyun qaydaları, eləcə də oyunçuların geyimi, sarı və qırmızı kartlar, qayda pozuntuları, cərimə zərbələri (prosedur) haqda ətraflı məlumat verdi və məşqçilərin müxtəlif suallarını cavablandırdı.
Seminarın növbəti mərhələsində müxtəlif sistemlər haqda müzakirələr aparıldı. Futbolda sosial məsuliyyət- futbol hamı üçün, oyun fəlsəfəsi təməlinin əsas prinsipləri, cəldlik-çeviklik çalışmaları, texnik çalışmalar: ayağın üst çölü ilə topun aparılması və digər mövzular haqda həm nəzəri, həm də praktiki məşqlər keçirildi.