“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən voleybol turnirinə yekun vurulub. “Məşəl” İdman Kompleksində gerçəkləşən yarışda 14 komandanın tərkibində 140 neftçi (40 qadın, 100 kişi) medallar uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunacaq turnirdə SOCAR-ı təmsil edəcək qadın və kişi voleybol komandalarının heyətini müəyyən etməkdən ibarət idi.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qadınlar arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi ikinci, Sosial İnkişaf İdarəsinin kollektivi isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində “BOS Şelf” komandası bütün rəqiblərini üstələyərək liderliyə yüksəlib. Heydər Əliyev adına Neft Emalı Zavodu və Sosial İnkişaf İdarəsinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
Qalib və mükafatçı komandalara “Neftçi” İdman Klubu tərəfindən kubok, diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.