Bu gün “Neftçi” İdman Klubunun inzibati binasında qurumun cüdo məşqçiləri ilə görüş keçirilib. Tədbirdə ilk öncə ilin idman yekunları, sonuncu ölkədaxili yarışlar təhlil olunub və cüdonun hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Ardınca klubumuzun cüdoçularının 2024-cü ildə keçirilmiş Olimpiya Oyunlarında, dünya və Avropa çempionatında, eləcə də digər beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən söhbət açılıb, bu nailiyyətlərə görə məşqçilərə və onların yetirmələrinə minnətdarlıq ifadə olunub.
Sonra yeniyetmələrdə bu idman növünə marağın yaradılmasından və daha çox uşağın cüdoya cəlb edilməsindən, 2025-ci ildə qarşıda duran vəzifələrdən söhbət açılıb, habelə görüləcək işlərlə bağlı məlumat verilib, planlar açıqlanıb.
Daha sonra məşqçilərin çıxışları dinlənilib və mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb. 2025-ci ildə daha böyük uğurlar qazanmaq üçün müxtəlif fikirlər və təkliflər səsləndirilib.
Sonda məşqçilər göstərilən qayğıya görə SOCAR-ın və “Neftçi” İdman Klubunun rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.