Bakı İdman Sarayında qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vurulub. Turnirdə paytaxt və bölgələrdən 60 komandanın tərkibində 324 idmançı (254 kişi, 70 qadın) qalib adı uğrunda mübarizə aparıb.“Neftçi” İdman Klubunun təmsilçiləri ölkə çempionatında inamla çıxış edərək 14 medala (4 qızıl, 5 gümüş, 5 bürünc) sahib olublar.

Cüdoçularımızdan Leyla Əliyeva (48 kq), Nigar Süleymanova (+78 kq), Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq respublika çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Fidan Qasımova (52 kq), Nərgiz Hacıyeva (63 kq), Əsmər Əliyeva (78 kq), Əhməd Yusifov (60 kq) və Ömər Rəcəbli (81 kq) gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq), Cəsur İbadlı (81 kq) və Nihad Şıxəlizadə (100 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qeyd edək ki, “Neftçi” İdman Klubunun cüdoçuları qazanılan medalların keyfiyyətinə və sayına görə ayrı-ayrılıqda kişi və qadın komandaları arasında qalib olmaqla yanaşı, həm də ümumi komanda hesabında birinci yeri tutublar.

Onu da əlavə edək ki, dekabrın 1-də cüdoçular arasında komanda yarışları keçiriləcək. “Neftçi” İdman Klubu yarışda həm kişilər və həm də qadınlar arasında iki komanda ilə təmsil olunacaq.