Azərbaycan Cüdo Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə kişilər və qadınlar arasında keçirilən paytaxt çempionatı sona yetib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində reallaşan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər müəyyənləşib. Turnirdə paytaxtın 33 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 212 cüdoçu qüvvəsini sınayıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri çempionatın 5 medalına (1 qızıl, 3 gümüş, 1 bürünc) yiyələniblər və ümumkomanda hesabında üçüncü yeri tutublar. Cüdoçularımızdan Əhməd Rüstəmov (60 kq) bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə məğlubiyyət acısı yaşayan Taryel Şıxəliyev (73 kq), Kəmalə Hüseynova (70 kq) və Ayan Əliyeva (63 kq) gümüş medala layiq görülüblər. Digər idmançımız Rəşad Məmmədov (60 kq) isə yarışı üçüncü pillədə başa vurub.