SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 minifutbol turnirinin final oyunu və bağlanış mərasimi keçirilib.

Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə öncə SOCAR Downstream Management və “Azneft” İB-nin komandaları üçüncü yer uğrunda mübarizə aparıblar. Qarşılaşmada “Azneft” İB-nin komandası rəqibini 4:0 hesabı ilə məğlub edib və üçüncü pillədə qərarlaşıb.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra turnirə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra final qarşılaşmasına start verilib. Həlledici görüşdə “Balaxanı” Əməliyyat Şirkətinin və “Azəriqaz” İstehsalat Birliyinin komandaları üz-üzə gəlib. Maraqlı və gərgin mübarizə şəraitində baş tutan oyunda “Balaxanı” Əməliyyat Şirkətinin komandası rəqibi üzərində 4:2 hesablı qələbə qazanıb və turnirin qalibi olub. “Azəriqaz” İstehsalat Birliyinin kollektivi isə ikinci yeri tutub.

Sonda mükafatlandırılma mərasimi keçirilib. 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalara kubok, diplom və medallar təqdim olunub.

Bundan əlavə, nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb. On beş qola imza atmış SOCAR Downstream Management komandasının futbolçusu Əşrəfağa Əşrəfzadə “Ən məhsuldar oyunçu”, “Balaxanı” Əməliyyat Şirkətinin komandasından Toğrul Hacıyev isə “Ən yaxşı qapıçı” nominasiyasının qalibi olub. Final qarşılaşmasının hakimləri Mahir Məmmədov və Kənan Məlikov da mükafatlandırılıblar.

Qeyd edək ki, mükafatları “Neftçi” İdman Klubu İdarə Heyətinin sədri Hafiz Zeynalov və klubun yetirməsi, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov təqdim ediblər.