“Neftçi” İdman Klubunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın əsl şücaət göstərdikləri, xalqımızın bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyi söylənilib. Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbirin sonunda, saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd olunur.