SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunan SOCAR-2024 minifutbol turniri davam edir.
Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda bu gün yarımfinal mərhələsinin oyunları keçirilib. Azarkeşlərin alqış sədaları altında baş tutan hər iki qarşılaşma maraqlı və gərgin mübarizə şəraitində keçib. “Azəriqaz” İstehsalat Birliyinin komandası SOCAR Downstream Management ilə üz-üzə gəlib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Azəriqaz” finala yüksəlib. “Balaxanı” Əməliyyat Şirkətinin kollektivi isə “Azneft” İstehsalat Birliyinin komandasını 3:0 hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
Beləliklə, həlledici final görüşündə “Balaxanı” ƏŞ və “Azəriqaz” İB-nin komandaları üz-üzə gələcək. SOCAR Downstream Management və “Azneft” İB-nin komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaq.